SOSİUM

16 Mart

“myGov”da istifadəçi sayı 81% artıb

2021-ci ilin fevral ayında şəxsi kabinet əsaslı elektron hökumət portalı – “myGov”un mobil tətbiqi istifadəyə verilib.

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) ötən illə bağlı hesabatında bildirilib. Qeyd edilib ki, habelə platformaya COVID-19 əks göstəriş, immunitet və peyvənd sertifikatları inteqrasiya olunub, doğum və ölümün elektron qeydə alınması xidməti hazırlanaraq vətəndaşların istifadəsinə verilib. Bununla yanaşı "myGov" mobil tətbiqinin yeni versiyasına təhlükəsizliyin daha da gücləndirilməsi məqsədilə biometrik identifikasiya funksiyası əlavə olunub. İl ərzində “myGov”da istifadəçi sayında əhəmiyyətli artım qeydə alınıb.

2020-ci ilə nisbətən 2021-ci ildə “myGov”da istifadəçi sayı 81% artıb. Ən son statistik göstəricilərə əsasən “myGov”da 874 mindən çox istifadəçi var. “myGov” vasitəsilə vətəndaşlar 710 xidmətə çıxış və 21 növ bildiriş əldə edir. Həmçinin 2022-ci ilin yanvar ayında “myGov”un mobil tətbiqi “Qlobal Hökumət Mükəmməlliyi” mükafatının (“Global Government Excellence award”) “Ən yaxşı ağıllı mobil tətbiq” kateqoriyasının “elektron xidmətlər” nominasiyası üzrə qalib seçilib.

Elektron Hökumət Portalında (e-gov.az) EHİM tərəfindən aparılan optimallaşdırma işləri davam etdirilib. 37 qurum tərəfindən 438 xidmətin göstərildiyi portalda istifadəçi sayı 2020-ci ilə nisbətən 2021-ci ildə 7% artıb. Ən son statistik göstəricilərə əsasən portalda istifadəçi sayı 1,367 milyon nəfər təşkil edir.