2022-ci ilin yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 113,6 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 100,2 min) nəfər, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə - 150,3 min (müvafiq olaraq 182,5 min) nəfər, ailə başçısını itirməyə görə - 54,3 min (49,2 min) nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşınadək uşaqların sayı 55,8 min (52,7 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,9 min (27,2 min) nəfər olub.
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 216 nəfər qəyyumuna, müxtəlif kateqoriyalı şəxslərin 6,8 min ailəsinə 10,8 min uşaq üçün, beşdən çox uşağı olan 2,4 min qadına 9,5 min uşaq üçün aylıq müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 319 şəxsə isə kompensasiya verilib.
2021-ci il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 64,8 min ailəyə 66,2 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 4,0 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 7,3 min nəfərə birdəfəlik müavinətlər verilib.
2022-ci il yanvarın 1-i vəziyyətinə 44,7 min aztəminatlı ailənin 194,0 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 64,29 manat təşkil edib.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 299,3 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.