SOSİUM

05 Mart

Maddi yardımdan təqaüddə olan hərbçilər də yararlana biləcəkmi? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödənəcək. Bununla bağlı ötən gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. 

Hərbi ekspert Üzeyir Cəfərovun bildirdiyinə görə, artım ehtiyatda və təqaüddə olan hərbçilərin pensiyalarına da şamil ediləcək. 

O qeyd edib ki, ehtiyatda və taqaüddə olan hərbçilərin pensiyalarında 10 faiz artım olacaq: “Doğrudur, əvvəlki fərmanla hərbçilərin aylıq vəzifə maaşlarında artım 20 faiz idi. Amma bizdə bəzi əlavələr də olacaq. Hərbi qulluqçularda xidmətə, rütbəyə, məharət dərəcəsinə görə, ərzaq pulu və sair əlavələri də nəzərə alsaq, ümumilikdə götürəndə yaxşı sərəncamdır. Bizim haqlı səsimizi ölkə başçısı eşitdi. Bu il yanvarın 1-dən pensiyaya əlavələr ödəniləcək”.

Ü. Cəfərov bildirib ki, bu ödəniş rütbələrə görə dəyişəcək: “Məsələn, polkovnik rütbəsində olan, 2000 manat alırdısa, ona təxminən 200 manat civarında ödəniş olmalıdır. Bu, orta hesabla 100-200 manat arası artım deməkdir”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qeyd olunan maddi yardım hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları ilə yanaşı vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına görə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.

Bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edəcək. Sərəncam 2022-ci il yanvarın 1-dən tətbiq edilir, bu ilin yanvar və fevral ayları üzrə maddi yardımlar mart ayının pensiyası ilə birgə veriləcək.

Xatırladaq ki, dövlət başçısı bu il yanvarın 1-dən "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması barədə" fərman imzalamışdı. Fərmana görə, hərbçilərin aylıq vəzifə (tarif) maaşları orta hesabla 20 faiz artırılmışdı. Lakin sözügedən artımın ehtiyatda və təqaüddə olan hərbçilərin pensiyalarına şamil edilməməsi hərbçilər arasında narazlığa səbəb olmuşdu.  

© qAFQAZİNFO