“Ukraynada hərbi əməliyyatlar başlayan ilk gündən müvafiq addımlar atırıq”.
Fins.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, martın 5-i səhər saatlarına olan məlumata görə 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə edilib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev məsələ ilə bağlı tapşırıq verib: “Dövlət başçısının tapşırığına əsasən indiyədək çarter reysi ilə 1111 nəfər vətəndaşımız Azərbaycana gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir. Artıq avtobuslardan istifadə edib Azərbaycan tərəfinə keçənlərin sayı da 150-ni keçib”.
C.Bayramov bildirib ki, Ukraynadakı Azərbaycan vətəndaşlarının təxliyəsi məsələsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Bununla bağlı da davamlı işlər aparılır”.