SOSİUM

28 Fevral

Ukraynadan təxliyə edilən 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş 168 Azərbaycan vətəndaşı bu gün gecə saatlarında ilk təyyarə ilə Bakıya gətirilib.
Ukraynanın Azərbaycanda fəxri konsulu Mehrəli Qasımov Xəzər TV-yə müsahibəsində bildirib ki vətəndaşlar xüsusi ayrılmış yerüstü nəqliyyat vasitələri ilə Ukraynanın Moldova ilə olan sərhəd-keçid məntəqələrindən Kişinyov şəhərinə çatdırılıb.
Moldovanın paytaxtından vətəndaşlar Rumıniyanın Yassı şəhərinə yönləndirilib və daha sonra təyyarə vasitəsilə İstanbula, sonra isə Bakıya göndərilib. Fəxri konsul Mehrəli Qasımovun sözlərinə görə, təyyarələr NEQSOL Holding tərəfindən humanitar dəstək çərçivəsində təşkil olunub.
Mehrəli Qasımov vətəndaşların təxliyəsinin davam etdiyini vurğulayıb.
“Xarici İşlər Nazirliyi gücləndirilmiş iş rejimindədir, bizim səfirliklərimiz və konsulluqlarımız da bütün güclərini səfərbər ediblər”, – deyə fəxri konsul bildirib.
Hazırda Kişinyovda 600-yə yaxın Azərbaycan vətəndaşı toplanılıb. Fəxri konsulun verdiyi məlumata əsasən vətəndaşlar Azərbaycanın Moldovada olan səfirliyinin ərazisində, həmçinin səfirlik tərəfindən təşkil olunmuş digər məkanlarda yerləşdirilib.