Ombudsman insan sağlamlığının qorunması üçün vacib (təxirəsalınmaz) hesab edilən bütün tibbi xidmətlərin (xəstəliklərin) “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlərin siyahısına əlavə edilməsini təklif edir.
Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Məruzədə eyni zamanda imtiyazlı qruplardan olan, müxtəlif xəstəliklərdən, o cümlədən təhlükəli yoluxucu xəstəliklər siyahısına daxil edilmiş Hepatit C və B virusundan əziyyət çəkərək dövlət hesabına dərman preparatları ilə təmin edilən şəxslərin hüquqlarının səmərəli təmini məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 7 mart tarixli, 38 saylı Qərarının 2-ci bəndində nəzərdə tutulmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Pulsuz dərman reseptləri əsasında verilən dərman preparatlarının siyahısı”nda müvafiq xəstəliklər üzrə müəyyən edilmiş dərman preparatlarının spektrinin genişləndirilməsi tövsiyə edilib.