SOSİUM

28 Fevral

Əlillik təyinatı sahəsində əsas problemlər açıqlanıb

Azərbaycanda əlilliyin təyin olunması zamanı tələb olunan stasionar müalicənin bütün vətəndaşlar üçün əlçatanlığının (məsafə və maddi durum nəzərə alınmaqla) təmin edilməsi üçün bir sıra təkliflər irəli sürülüb.

Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.

Ombudsman əlilliyin təyin olunması zamanı tələb olunan stasionar müalicənin bütün vətəndaşlar üçün əlçatanlığının (məsafə və maddi durum nəzərə alınmaqla) təmin edilməsi və ixtisaslaşmış tibb müəssisələrində yüklülüyün (çarpayı sayı nəzərə alınmaqla) azaldılması məqsədilə Bakı şəhəri ilə yanaşı, regionlarda da baza tibb müəssisələrinin (ixtisaslaşmış tibb müəssisələrinin) müəyyən edilməsini zəruri sayıb. Eyni zamanda əlilliyin müəyyən olunması ilə bağlı həkim məsləhət komissiyalarının göndərişləri ilə tibbi sosial ekspert komissiyalarının rəyləri arasında ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlərin reyestri”nə daxil edilməli olan məlumatlara dair tələblərin (ayrı-ayrı xəstəliklərlə bağlı tələb olunan stasionar müalicə müddəti (çarpayı günlərinin sayı), əsas xəstəliyi və onun ağırlaşmalarını təsdiq edən ixtisaslaşmış müalicə, habelə funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər, diaqnozu təsdiq edən laborator və instrumental müayinələr və s.) dəqiq müəyyən edilməsi tövsiyə edilir.