Aliment tələbi üzrə məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qəsdən yerinə yetirilməməsinə görə ayrıca məsuliyyətin müəyyən edilməsi təklif olunur.
Bu, Parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb.
Bildirilib ki, əmlak və gəlirləri aşkar edilməyən, maddi çətinlik səbəbindən aliment ödənişlərini vaxtında ödəyə bilməyən (aliment borcunun ödənilməsindən qəsdən yayınma halları istisna olmaqla) borclu barəsində ümumi qaydada İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinin aliment borcunun ödənilməsinin təmin olunması baxımından səmərəli olmadığını nəzərə alaraq, aliment tələbinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzasının işin halları və pozuntunu törədən şəxsin maddi durumu nəzərə alınmaqla tətbiqi, bununla bağlı qanunvericiliyə zəruri əlavə və dəyişikliklərin olunması da tövsiyə olunur.
Ombudsman aliment öhdəliklərinin icrasından yayınan (boyun qaçıran) şəxslərin əmək fəaliyyətinə cəlb olunması mexanizminin işlənib hazırlanması, müvafiq olaraq Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “İcra haqqında” qanuna və “Məşğulluq haqqında” qanuna müvafiq əlavə və dəyişikliklərin edilməsi, bununla əlaqədar icra qurumları ilə məşğulluq orqanlarının əlaqəli fəaliyyətinin təşkilini təklif edir.