Bakıda mövcud avtobus parkının 70%-dən çoxu “BakıKart” sisteminə inteqrasiya edilib. İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadə edə bilməsi üçün də işlər davam etdirilir. Bununla bağlı fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub: “Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və ya telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını iki üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.
Həmçinin, “BakıKart” sisteminə inteqrasiya olunan “MilliÖn” ödəmə terminallarının sayı da artırılaraq 1000-ə çatdırılıb. Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, Bakı şəhərinin müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində və marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKart" balansını artıra biləcəklər. Yaxın bir həftə ərzində isə Bakı şəhərinin bütün ərazisindəki “MilliÖn” terminallarında “BakıKart” ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq “BakıKart” işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər.
Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətin işlər davam etdirilir”.