Milli Məclisin payız sessiyasının ilk plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən təqdim olunacaq qanun layihələri məlum olub.
Komitə tərəfindən aşağıdakı qanun layihələri parlamentin ilk plenar iclasına təqdim olunacaq:
- “Gömrük tarifi haqqında” qanuna və “Vergi Məcəlləsi”ndə ediləcək dəyişik: Qaradağ sənaye parkı üçün nəzərdə tutulmuş gömrük və vergi güzəştlərinin (parkın rezidenti tərəfindən fəaliyyətin məqsədləri üçün idxal olunan bütün malların rüsum və ƏDV-dən azad olunması) daha 5 il – 2026-cı ilin may ayının 1-nə kimi uzadılması təklif olunur.
- “Gömrük Məcəlləsi”nə ediləcək dəyişiklik: Sahibkarlar daxildə emal xüsusi gömrük rejimi ilə (müəyyən malların emal edildikdən sonra ixrac edilməsi məqsədilə ölkəyə gətirilməsi) mallar idxal etdikləri zaman gömrük borcunun yarandığı və ya yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verməli idilər (Bu borc adətən idxal olunuan malların 1 il ərzində ixrac edilməməsi halında yaranır). Təklif olunan dəyişiklik belə bir təminatın məcburi olmamasını özündə ehtiva edir. Bu isə sahibkarları təminat vermək üçün bir çox xərclərdən azad edəcək, xarici hüquqi şəxslər üçün isə Azərbaycanda xidmət almaq və investisiya yatırmaq üçün daha əlverişli şərait yaradacaq.
- “Vergi Məcəlləsi”nə ediləcək dəyişiklik: Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.
- “Dövlət rüsumu haqqında” qanuna ediləcək dəyişiklik: Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur.