Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq.
“Fins.az” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, stasionar postlarda və yollarda avtopatrulda xidmət aparan YPX əməkdaşları tərəfindən bu qayda və tələblərə əməl edilməsi diqqətdə saxlanılacaq.
Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Həmin tarixdən etibarən COVID-19 pasportu olmayan taksi sürücülərinin müəyyənləşdirilməsi istiqamətində reydlər keçiriləcək.