“Əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər. Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığını təsdiqləyirlər. Əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa), həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir”.
Bunu 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova deyib. O bildirib ki, allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər: “Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur. Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur”.