SOSİUM

07 Sentyabr

Yeni gənclər və idman naziri kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Fərid Qayıbov yeni gənclər və idman naziri təyin olunub.

Bəs yeni nazir kimdir? Oxu.Az onun tərcümeyi-halını təqdim edir:

1979-cu ilin aprelin 24-də Bakıda anadan olub. Fərid Qayıbov 1995-сi ildə Bakı şəhəri 1 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub.

1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib.

2014-cü ildə Sankt-Peterburqda P.F.Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

2021-ci ildə XXIV MEMOS İcraçı magistr proqramına (İdman təşkilatının idarə olunması üzrə icraçı magistr) qəbul olunub. Proqram Beynəlxalq Olimpiya Komitəsi, “Olimpiya Həmrəyliyi” və Avropa Olimpiya Komitələri tərəfindən dəstəklənir.

2000-ci ildən 2001-ci ilə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin anbarında işləyib.

2001-2003-cü illərdə “Balaxanıneft” Neft-qaz Hasilatı İdarəsinin Planlaşdırma şöbəsində iqtisadçı vəzifəsində çalışıb.

2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvü olan Fərid Qayıbov 2005-2006-cı illərdə Azərbaycan Gimnastika Federasiyasının baş meneceri, daha sonra baş katibi vəzifəsində çalışıb. O, 2017-ci ilədək bu vəzifədə çalışıb. Belə ki, Fərid Qayıbov 2017-ci ilin dekabrından Avropa Gimnastika İttifaqının prezidenti seçilib.

O, Tokio-2020 Olimpiya Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda Apellyasiya Hakimlər Briqadasının üzvü olub.

2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub

Ailəlidir, iki oğlu və bir qızı var.

© Oxu