Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı ən azı 1-ci dozanı qəbul etməlidir.
Fins.az-ın məlumatına görə, həmin obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir.
Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?
Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur:
"Bütün hallarda müvafiq qaydada iri ticarət mərkəzlərinə, mehmanxanalara və ictimai iaşə obyektlərinə daxil olarkən vətəndaşların COVID-19 pasportu ilə yanaşı, şəxsiyyətini təsdiq edən sənəd də üzərində olmalıdır. Obyektə daxil olan şəxsdən COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi tələb edilməsində qanunsuzluq yoxdur. Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür. Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməli, belə halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılmalıdır".
© Trend