İki doza alan və eyni zamanda xəstəlik keçirmiş şəxslərdə əmələ gələn immunitet vaxt keçdikcə zəifləyir. Bunlar ömürlük immunitet deyil.
Fins.az-ın xəbər verir ki, bunu baş infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, immunitet o şəxslərdə daha qısamüddətli olur ki, onlarda immun sistemi müəyyən səbəblərdən, əsasən də xroniki xəstəliklərə görə zəif olur:
"Ona görə həssas qruplara daxil olan şəxslərə üçüncü dozanın vurulması onların immun sistemində olan anticisimləri gücləndirir. Bu, bir növ buster doza (gücləndirici doza) və ya xatırlatma dozası da adlanır. Biz istəyirik ki, bunu etməklə həmin insanlarda mövcud olan və müəyyən qədər intensivliyi aşağı düşən anticisimləri yenidən yüksək səviyyəyə qaldıraq. Nəzərə almaq lazımdır ki, tədqiqatlara görə, yeni ştammlara qarşı vaksinlərin qoruyuculuğu 10 faiz daha azdır. Bu ştammlardan qorunmaq üçün da immuniteti yüksəltmək lazımdır. Bu səbəbdən üçüncü doza vurulması ilk növbədə tibb işçilərinə tövsiyə edilir. Çünki onlar daim xəstələrlə təmasda olurlar. İkincisi 60 yaşdan yuxarı şəxslər, üçüncüsü də yaşından asılı olmayaraq xroniki xəstəlikləri olanlardır. Lakin üçüncü doza məcburi deyil, sadəcə tövsiyə olunur".