SOSİUM

11 Avqust

Nazir müavini Kürün suyunun azalmasından DANIŞDI

“Ötən ilki qədər olmasa də, rayonlarda, kəndlərdə su çatışmazlığı ilə bağlı problemlər hələ də var”.

Bunu açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib. 

Onun sözlərinə görə, son dövrlərdə havanın quraq keçməsi, ölkəyə transsərhəd çaylarla ötürülən suların azalması su ilə bağlı çətinliklər yaradır:

“Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə komissiya yaradılıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planın icrası çərçivəsində bir çox işlər görülüb”.

V.Kərimov qeyd edib ki, yay mövsümündə hər gün Mingəçevir su anbarından Kür çayına ortalama 180-200 kubmetr su buraxılır:

“Buna baxmayaraq, həmin sular Xəzər dənizinə gəlib çatmır, ona görə də Neftçala ərazisinin su təchizatında problemlərə səbəb olur. Bilirsiniz ki, Azərbaycanda şimal və şimal-şərq küləkləri hakim küləklərdir.

Yay aylarında Kürdə suyun səviyyəsinin aşağı düşməsi zamanı bu küləklərin təsiri ilə Xəzər dənizinin suyu Kürə qarışır, hətta 15-20 kilometr tərs axınla hərəkəti müşahidə olunur. Nəticədə Kürün suyunun şorlaşması baş verir”.

© Oxu