SOSİUM

03 Avqust

Baramaçılıq və ipəkçilik sahəsində yeni dövlət standartı təsdiq edilib

Baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun keyfiyyət meyarlarının yaradılması məqsədilə AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması” dövlət standartı təsdiqlənib.

Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 145-2005 “Tut ipəkqurdunun diri barmaları. Texniki şərtlər” dövlət standartı qüvvədən düşüb.

Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanıb.