Zəngəzur dəhlizi bölgə ölkələrinin iqtisadi inkişafina ciddi təsir göstərəcək.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun göstərdiyi misilsiz şücaətlə vətən müharibəsində qələbəsini təmin edərək Azərbaycan bölgədə yeni siyasi və iqtisadi reallıqlar yaratdı: “Hazırda qarşıda duran əsas vəzifə qələbəni daha da möhkəmləndirmək, bölgədə sülh və əmin-amanlığı təmin etmək, region ölkələri arasında əməkdaşlıq əlaqələri qurmaq və inkişaf etdirməkdir. İnkişafa nail olmaq, region ölkələrinin iqtisadiyyatını gücləndirmək üçün bölgəyə mütləq sülh gəlməlidir. Hər bir region ölkəsinin inkişafı bilavasitə bu amildən asılıdır”.
C.Məmmədov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı elan etdiyi müharibə bölgə ölkələrinin iqtisadiyyatına da təsirsiz ötüşmədi: “Müharibədən ən çox zərər çəkən bölgə ölkələrindən biri də məhz Ermənistandır. Ermənistan apardığı düşmənçilik siyasəti nəticəsində bütün regional layihələrdən təcrid olundu, iqtisadiyyatı ciddi tənəzzülə uğradı. Müharibədən sonra bölgədə yeni iqtisadi imkanlar yaranıb.
Rusiyanın vasitəçiliyi ilə imzalanan 10 noyabr razılaşmasında əksini tapan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Müharibədən bir neçə ay keçməsinə baxmayaraq, hələ də Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışır, Ermənistan rəhbərliyi davamlı olaraq bir-birinə zidd bəyanatlar verir.
Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması ilə bölgə iqtisadiyyatı yeni bir inkişaf mərhələsinə qədəm qoyacaq. Bu dəhlizin açılması təkcə Azərbaycanın yox, Ermənistanın da iqtisadiyyatına ciddi təsir göstərəcək. Ermənistan ağır blokadadan çıxacaq, ölkə iqtisadiyyatı inkişaf edəcək”.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizi bütövlükdə bölgənin bir çox ölkələrini özündə birləşdirən beynəlxalq bir dəhliz olacaq: “Orta Asiyadan, Pakistan və Əfqanıstandan daşınan yüklər bu dəhlizdən keçməklə öz ünvanına çatmaq imkanı əldə edəcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan ya könüllü olaraq bunu edəcək ya da buna məcbur ediləcək. Vaxt uzandıqca bölgə ölkələri bu dəhlizdən əldə edə biləcəkləri gəlirdən də məhrum olurlar. Odur ki, Ermənistanın bir yolu var, o da bölgə ölkələri ilə sıx əməkdaşlıq etmək. Ermənistan bunu yaxşı anlamalıdır. Zaman Ermənistanın əleyhinə işləyir”.
© Trend