2021-ci ilin yanvar ayında əsas kapitala 724 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 38,8 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 583 milyon manatı və ya 80,5 faizi məhsul istehsalı sahələrinə, 80,7 milyon manatı (11,2 faizi) xidmət sahələrinə, 60,3 milyon manatı (8,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 377,5 milyon manatını və ya 52,1 faizini daxili vəsaitlər təşkil edib. Sərmayə qoyuluşunun 631,3 milyon manatı və ya 87,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,7 faiz, bank kreditləri 16,3 faiz, əhalinin şəxsi vəsaitləri 8,5 faiz, büdcə vəsaitləri 2,7 faiz, sair vəsaitlər isə 0,8 faiz təşkil edib.