Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verib.
İdarədən verilən məlumata görə, müsabiqə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdir.
İki mərhələrdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunacaq. Hər müəllim yalnız bir onlayn dərs modeli ilə müsabiqədə iştirak edə bilər.
Müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə 3 ən yaxşı onlayn dərs modeli seçilərək [email protected] elektron ünvanına göndəriləcək. 15 mart-15 aprel tarixlərində keçirilməsi planlaşdırılan müsabiqənin şəhər mərhələsində məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.
Müsabiqənin nəticələrinə əsasən, ibtidai siniflər kateqoriyası üzrə 3 onlayn dərs tədris edən müəllim I, 3 onlayn dərs tədris edən müəllim II, 3 onlayn dərs tədris edən müəllim III yerə, yuxarı sinif kateqoriyası üzrə isə 5 onlayn dərs tədris edən müəllim I, 5 onlayn dərs tədris edən müəllim II, 5 onlayn dərs tədris edən müəllim III yerə layiq görüləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15 onlayn dərs tədris edən müəllimə tərifnamə təqdim olunacaq.