Cari ilin 10-13 fevral tarixlərində dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi həyata keçiriləcək.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, direktorların işə qəbulu üzrə müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.
Həmin şəxslər vakansiya seçimi edərək 13 fevral tarixinədək elektron ərizələrini təsdiq etməlidirlər.
Fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.