"Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması çərçivəsində ölkədə müxətlif sektorlarda çalışan işçilərin şəxsi kabinetləri yaradılacaq.
Bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında açıqlayıb.
M. Abbasbəyli deyib ki, “işçinin şəxsi işi” anlayışını “işçinin şəxsi kabineti” anlayışına keçirmək istəyirlər: “İnanırıq ki, bu sistemin tətbiqi ilə ölkədə kadr inzibatçılığı önəmli ölçüdə minimllaşacaq və bunun nəticəsində kiçik və orta biznesin dövlətə sərf etdiyi vaxt kifayət qədər azalacaq”.
Qeyd edək ki, “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına 2020-ci ildən başlanıb.