“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC marşrutların diversifikasiya və ölkəmizin tranzit imkanlarının artırılması istiqaqamətində tədbirləri davam etdirir.
Qurumdan verilən məlumata görə, Türkiyənin Ankara şəhərindən Çinin Sian şəhərinə hərəkət edən qatar “ADY Konteyner” MMC-nin Türkiyədəki, Gürcüstandakı və Qazaxıstandakı tərəfdaşları ilə birgə təqdim etdiyi yeni logistik məhsuldur.
Qatar hər biri 40 fut olan, 42 konteynerdən ibarətdir. Yükü sənayedə istifadə olunan qeyri-üzvi birləşmələr olan Türkiyənin bu növbəti ixrac qatarı Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edərək Bakı Limanına çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq.
Qatarın operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.
Qatar ümumilikdə 7 min 792 kilometr yol gedəcək.