Bakı, 18 noyabr Fins.az
Bu ilin yanvar-oktyabr aylarında "Bakı Metropoliteni" QSC 74,7 mln. sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 61,1% azdır.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 192,3 mln. nəfər olub.
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan dayandırılıb. "Bakı Metropoliteni"nin fəaliyyəti 9 may 2020-ci il saat 06:00-dan etibarən bərpa edilib. Daha sonra, koronavirusun ikinci dalğası fonunda metronun fəaliyyətin oktyabrın 19-dan noyabrın 2-dək yenidən dayandırılıb və bu müddət noyabrın 2-dən daha bir ay müddətinə uzadılıb.
Xatırladaq ki, indi Bakıda metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.