Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, velosipedçilərin, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması, həmçinin televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliği nəzərə alınacaq.
"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Belə ki, cəmiyyətdə yol mədəniyyətinin daha da inkişaf etdirilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə audiovizual əsərlərin, o cümlədən animasiyanın, tanıtım çarxlarının, qısametrajlı filmlərin çəkilməsi, metodiki və təbliğat-təşviqat məzmunlu nəşrlərin hazırlaması, bu sahədə sosial şəbəkələrin imkanlarından, vizual effektlərdən geniş və davamlı şəkildə istifadə edilməsi nəzərdə tutulur.
Bununla bağlı icraçı qurum kimi müəyyənləşən Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Televiziya və Radio Şurası, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Federasiyası və Bakı Nəqliyyat Agentliyi (BNA) mütəmadi olaraq iş aparacaq.