Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, velosipedçilərin, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması, həmçinin televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliği nəzərə alınacaq.
Fins.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olmuş şəxslərin ailə üzvlərinin və əlil olmuş şəxslərin iştirakı ilə yol-nəqliyyat hadisələrinin doğurduğu acı nəticələr barədə video materialların hazırlanması, onların yol hərəkət iştirakçılarına ünvanladıqları çağırışların kütləvi informasiya vasitələri ilə yayılması nəzərdə tutulub.
Bununla bağlı icraçı qurum qismində Milli Televiziya və Radio Şurası, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Avtomobil Federasiyası və Bakı Nəqliyyat Agentliyi (BNA) göstərilib. Həmin qurumlar qeyd edilən istiqamətlər üzrə mütəmadi olaraq iş aparacaq.