SOSİUM

22 May

“Dövlət rüsumu haqqında” qanunun iki maddəsi ləğv edilir

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 

Fins.az xəbər verir ki, komitə sədri Tahir Mirkişili bildirib ki, iclasda Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq. 

Qeyd edilib ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb. 

 

Sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verilib. Bildirilib ki, sənəd “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb. 

Həmin qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” qanunun 18.62.2-ci və 18.62.3-cü maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında” qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcək.