Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.
Fins.az xəbər verir ki, dövlət başçısı videoqəbulda çıxış edib.
Prezident İlham Əliyev deyib:
- Mən sizi bu gün Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçısı vəzifəsinə təyin edirəm. Sizə böyük etimad göstərilir. Siz bu etimadı öz işinizlə doğrultmalısınız.
Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub. Bu barədə ictimaiyyətə məlumat verilib. İndi istintaq gedir və hüquq mühafizə orqanları hər şeyi müəyyən edəcək. Artıq ictimaiyyət məlumatlandırılıb. Ağstafa və İmişli rayonlarında icra hakimiyyəti başçıları tərəfindən edilmiş bu pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq.
Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın.
Bizim bölgələrdə gördüyümüz işlərin mənbəyi xalqın iradəsidir. Bildiyiniz kimi, artıq regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtibatında yerlərdən gələn təkliflər üstünlük təşkil edir. Mənim bölgələrə, rayonlara çoxsaylı səfərlərim və səfərlər əsnasında vətəndaşlarla görüşlərim bu proqramların hazırlanmasında xüsusi rol oynayır. Çünki bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısınız.
O ki qaldı, infrastruktur layihələrinə, üç Dövlət Proqramının icrası nəticəsində infrastruktur layihələrinin böyük hissəsi öz həllini tapıb. Bunu indi hər kəs görür, bölgələrdə yaşayan insanlar görür və eyni zamanda, beynəlxalq təşkilatlar da bunu qeyd edir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında elektrik enerjisinin əlçatanlığına görə Azərbaycan dünyada 2-ci yerdədir. Yolların keyfiyyətinə görə 30-cu yerlərdədir. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, demək olar, qazlaşdırma layihələrinin böyük əksəriyyəti başa çatıb, qazlaşdırmanın səviyyəsi 96 faizdir. İçməli su layihələri bütün şəhərlərdə icra edilir, ya artıq başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Bütün bunlar dövlət tərəfindən görülmüş işlər, qoyulan investisiyalardır. Ona görə infrastruktur layihələrinin əsas hissəsi öz həllini tapıb. Ona görə sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, artıq bu möhkəm təməl üzərində öz işinizlə rayonların sosial-iqtisadi inkişafını təmin edəsiniz. Eyni zamanda, bütün işlər ədalətli görülməlidir. Ədalət sizin işinizdə əsas prinsip olmalıdır və indiki şəraitdə, pandemiya dövründə insanlara daha çox yardım, kömək göstərilməlidir. Yerlərdə, ilk növbədə, bunu icra başçıları, icra strukturları etməlidirlər.
Əlbəttə, Azərbaycan dövləti bütün lazımi tədbirləri görür. Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizm hesab edirəm ki, ən yüksək qiymətə layiqdir. Biz yüz minlərlə insanın sosial vəziyyətinin pisləşməsini nəzərə alaraq, onlara yardım göstəririk. Bu yardım insanları bu ağır vəziyyətdə ruhlandırır, eyni zamanda, onların maddi imkanlarının təmin edilməsində rol oynayır. Biz bunu edirik ki, insanlar bu vəziyyətdən çıxsın və az itkilərlə çıxsınlar. İlk növbədə, koronavirusla bağlı mübarizədə görülmüş işlər yüksək qiymətə layiqdir. Eyni zamanda, koronavirusa görə işini itirən, yaxud da ki, müvəqqəti olaraq itirən insanların da yardımına dövlət gəlməlidir. Ona görə dövlət hər zaman bu işlərdə aparıcı rolunu oynayacaq və siz də yerlərdə Azərbaycan dövlətinin nümayəndələrisiniz. Ona görə sizin işinizdən, eyni zamanda, ümumiyyətlə, Azərbaycanda görülən işlər haqqında da təsəvvür yaranır. Əgər icra hakimiyyəti başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa, onda insanlar hansı fikirdə ola bilərlər? Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin.
İndiki şəraitdə ölkəmizin uğurlu inkişafı, ilk növbədə, qeyri-neft sektorunun hesabına təmin ediləcək və əlbəttə ki, sahibkarlığın inkişafı daha böyük əhəmiyyət daşıyır. Biz bu işlərlə çox uğurla məşğul oluruq və bu gün Azərbaycanda çox böyük sahibkarlıq sinfi formalaşıb. Ancaq bəzi hallarda sahibkarlar çətinliklərlə üzləşirlər. Hansısa layihəni icra etmək, hansısa investisiyanı qoymaq istəyəndə məmurlar tərəfindən problemlərlə üzləşirlər. Bəzi məmurlar onların layihələrinə şərik çıxmaq istəyirlər, bəzi məmurlar onların gəlirlərinə göz dikirlər. Buna qətiyyən yol vermək olmaz. Əksinə, siz sahibkarları cəlb etməlisiniz, siz onları inandırmalısınız. İndi dünyada investisiyalar uğrunda mübarizə aparılır. Ölkələr öz təkliflərini irəli sürürlər ki, investorları cəlb etsinlər. Ona görə siz, ilk növbədə, yerli sahibkarları inandırmalısınız ki, onlar gəlib məhz sizin rayonlarınıza sərmayə qoysunlar, iş yerləri yaratsınlar və beləliklə rayonların inkişafına töhfə versinlər. Amma bəzi hallarda sahibkar iş görmək istəyir, ona min cür əziyyət verilir. Buna yol vermək olmaz.
Kənd təsərrüfatının inkişafı bizim üçün prioritet sahə olaraq qalır. İndiki şəraitdə kənd təsərrüfatının müasir üsullarla inkişafı ilə əlaqədar çox geniş proqramlar icra edilir. Bu sahədə də yerli icra orqanlarından çox şey asılıdır. Ona görə, müvafiq dövlət qurumları ilə birlikdə kənd təsərrüfatının inkişafı ilə bağlı işlər görülməlidir, insanlar işlə təmin edilməlidir, məhsuldarlıq artmalıdır və kənd təsərrüfatının inkişafını şərtləndirən bütün amillər təmin edilməlidir, o cümlədən suvarma suyunun ədalətli bölüşdürülməsi məsələsi. Bu sahədə də böyük pozuntular var, yerlərdən mənə şikayətlər gəlir. Keçən il də quraqlıq olub, bu il də quraqlıqdır və biz sudan böyük qənaətlə istifadə etməliyik. Bütün bu işləri düzgün təhlil etmək və tədbirlər planı hazırlamaq üçün mənim Sərəncamımla xüsusi komissiya yaradılıb və artıq komissiyanın ilkin araşdırmaları mənə təqdim edilib. Biz bunu demək olar ki, təxmin edirdik, bəzi hallarda itkilər 40-50 faiz səviyyəsindədir. Bu, dözülməzdir. Belə israfçılıq böyük problemlərə gətirib çıxarır. Ona görə siz bu sahədə bütün vəziyyəti təhlil edin. Əlbəttə, mərkəzi icra orqanları bu məsələ ilə məşğuldurlar və komissiyanın tərkibində nazirlər təmsil olunur. Amma yerlərdə siz bu işlərə ciddi fikir verin, təftiş aparın və məlumat verin. Çünki biz əgər ancaq bu itkiləri azaltsaq, kənd təsərrüfatında daha böyük irəliləyişə nail ola bilərik. Eyni zamanda, suyun ədalətli bölüşdürülməsi məsələsi də çox aktualdır. Çünki mənə verilən məlumatlara görə, bəzi hallarda icra başçılarına yaxın olan sahibkarlara su verilir, ancaq kənar adamlara su verilmir. Bu, ədalətsizlikdir və buna son qoyulmalıdır.
Ödənişli ictimai iş yerlərinin yaradılması artıq bir neçə ildir ki, təmin edilir və biz bu kateqoriyaya aid olan insanların sayını ildən-ilə artırırıq. Biz 30 mindən başlamışıq. Bu il mənim göstərişimlə 90 min ödənişli ictimai iş yeri yaradılmalıdır və bu istiqamətdə artıq nəticələr vardır. Ancaq əfsuslar olsun ki, bəzi icra başçılarının cinayətkar əməllərinə görə, bu sahə də ən korrupsiyalaşmış və ən çirkin sahəyə çevrilib. O işlərə cəlb edilən insanların ödəniş kartları icra başçıları tərəfindən oğurlanırdı. Həbs olunmuş bütün icra başçılarının iş otaqlarından və onların yaxınlarının iş otaqlarından yüzlərlə ödəniş kartı çıxır. Bu pul kasıb, özünə iş tapa bilməyən insanlara çatmalıdır. Xüsusilə pandemiya dövründə bütün ölkələrdə iş yerləri ixtisar edilir, bütün ölkələrdə işsizlik artır, o cümlədən Azərbaycanda. Belə bir vəziyyətdə kasıb insanın puluna göz dikmək vicdansızlıqdır və cinayətdir. Ona görə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib ki, onlar ümumi nəzarət və eyni zamanda, monitorinq aparsınlar. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bu işləri ciddi təhlil edin, görün nə qədər insan cinayətkar icra başçıları tərəfindən bu imkandan məhrum edilib. Biz bu ədaləti bərpa etməliyik.
Bir sözlə, sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb, 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub. Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulubdur. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır.
Bölgələrdə gedən işlər daim mənim nəzarətimdədir. Mənim çoxsaylı səfərlərim, eyni zamanda, o məqsədi güdür ki, görülmüş işlərin icrasını görüm, tanış olum və insanları narahat edən problemləri insanlardan eşidim və biz bunları həll edək. Amma deyə bilərəm ki, bir çox hallarda icra hakimiyyəti başçısı öz iş otağından çıxmır. Bütün icra hakimiyyəti başçıları, o cümlədən siz bütün kəndlərdə insanlarla görüşməli, insanları narahat edən problemləri insanların dilindən eşitməli və ondan sonra qərar qəbul etməlisiniz. Elə məsələ var ki, sadəcə olaraq, laqeydlik, biganəlik və məsuliyyətsizlik ucbatından həll olunmur. Elə məsələ var ki, heç böyük vəsait, böyük əziyyət tələb etmir. Sadəcə, onların vecinə deyil. Onlar hesab edirlər ki, orada ağa kimi rəhbərlik etməlidirlər, insanları incitməlidirlər, öz şəxsi maraqlarını təmin etməlidirlər. Belə təfəkkürlə yaşayan insanların bizim aramızda yeri yoxdur. Onların yeri başqa yerdədir. Ona görə, siz bütün kəndlərdə olmalısınız, bütün problemləri vətəndaşlardan öyrənməlisiniz və onları həll etməlisiniz. Bir daha demək istəyirəm ki, yerli səviyyədə həlli mümkün olmayan problemlər dərhal müvafiq mərkəzi icra orqanlarına çatdırılmalıdır.
Bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır. Sizin fəaliyyətinizdən çox şey asılıdır və insanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansınlar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar.
Bunu da bilməlisiniz ki, sizin fəaliyyətinizə diqqət göstəriləcək, nəzarət olunacaq. Elə işləməlisiniz ki, mənim tərəfimdən verilən bütün tapşırıqlar yerinə yetirilsin, Ağstafa və İmişli rayonlarının uğurlu inkişafı təmin edilsin.
Elçin Rzayev: Möhtərəm cənab Prezident, göstərdiyiniz bu böyük etimada görə Sizə dərindən təşəkkür edirəm. Bu etimaddan irəli gələn məsuliyyətin dərinliyini dərk edərək, Sizi əmin etmək istəyirəm ki, üzərimə düşən, dövlətimizə bağlı vəzifələrin həyata keçirilməsinə və qarşıya qoyulan məqsədlərə ləyaqətlə nail olmaq üçün yorulmadan var qüvvəmlə çalışacağam. Çox sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ ol.
Seymur Orucov: Möhtərəm cənab Prezident. Mən də bu çox böyük və məsuliyyətli etimada görə öz adımdan və Yeni Azərbaycan Partiyasının gəncləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Bu etimad mənim timsalımda YAP gənclərinə olan etimaddır. Bu etimad bütün Azərbaycan gəncliyinə böyük stimuldur. Siz dəfələrlə öz çıxışlarınızda demisiniz ki, Azərbaycan gəncliyinə güvəniniz və etimadınız böyükdür.
Gənclərin bu gün ölkənin ictimai-siyasi həyatında fəal olmasının əsası Ulu Öndərimiz tərəfindən qoyulmuşdur. Çünki, möhtərəm cənab Prezident, 1990-cı illərin əvvəllərində hakimiyyəti zəbt etmiş AXC-Müsavat dövründə Azərbaycan gəncliyini zorla ali təhsil ocaqlarından, iş yerlərindən mitinq bölgələrinə və onların yarıtmaz liderlərinə dəstək tədbirlərinə aparırdılar. Gənclərimiz çox bədbin ruhda idilər. Lakin Ulu Öndərimiz hakimiyyətə gəldikdən sonra Azərbaycan gəncliyində gənclik ruhu özünə qayıtdı. Ulu Öndər bütün Azərbaycan gəncliyini vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi. Siz də bu gün bu siyasəti yeni üslubda, çox möhtəşəm formada həyata keçirirsiniz.
Möhtərəm cənab Prezident, bu gün Azərbaycan gəncliyi Sizə borcludur. Ona görə borcludur ki, Siz bizi dövlət orqanlarında önə çəkirsiniz. Bununla bərabər, Siz və Birinci vitse-prezidentimiz biz gənclərin, Azərbaycan xalqının canını da qoruyursunuz. Çünki bu gün dünyada baş verən bəladan göründü ki, bir çox dövlətlər var idi, böyük dövlətlər, onlar bu prosesi Sizin qədər dəqiq, vaxtında, az itki ilə idarə edə bilmədi. Bu da Sizin liderlik xüsusiyyətinizdən irəli gəlir. Çünki lider çox çətin gündə bilinir. Biz gənclər bununla fəxarət hissi keçiririk. İstər Türk Şurasının, istərsə də Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi ilə bağlı bütün dövlət və hökumət başçılarının Sizin çağırışınıza səs verməsi, dünyanı bu bəladan birgə qurtarmaq səyləriniz bütün dünyaya nümunədir və Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir.
Möhtərəm cənab Prezident, mən də Sizə söz verirəm ki, var gücümlə Heydər Əliyev siyasətinə xidmət edəcəyəm, rayonun inkişafı və abadlaşması üçün var qüvvəmi səfərbər edəcəyəm və dövlətimə, millətimə, Sizə ləyaqətlə xidmət edəcəyəm. Yolunuz yolumuzdur, cənab Prezident. Bir daha təşəkkür edirəm, minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Sizə uğurlar arzulayıram.