“Pandemiya dövründə seysmik stansiyalar vasitəsi ilə 1751 yeraltı təkan qeydə alınıb”.
Fins.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib. O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib:
“Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alınıb və həmin zəlzələlərin 4-ü hiss olunan olub. Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyə sərhəddində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”.
RSXM-nin baş direktoru onu da bildirib ki, emal olunan məlumatlar əsasında ayrı-ayrılıqda kataloqlar tərtib olunur. Bu kataloqlarda zəlzələ ocaqlarının parametrləri göstərilir: “Eləcə də emal olunan məlumatlar məlumat bazasına toplanır və arxivləşdirilir. Kataloq əsasında Azərbaycan və ona bitişik ərazilərdə seysmikliyin analizi aparılır. Həmçinin büro tərəfindən maqnitudası ml≥3.0 olan zəlzələlər aidiyyatı olan orqanlara göndərilir. Maqnitudası 3 və 3 -dən yuxarı olan zəlzələlər haqqında məlumatlar, həmçinin Azərbaycana bitişik ərazilərdə baş verən və bizim sərhədyanı bölgələrdə hiss olunan zəlzələlər haqqında məlumatlar mütəmadi olaraq mərkəzin www.seismology.az saytında yerləşdirilir. Maqnitudası ml≥2.0 olan zəlzələlər bülleten formatında Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi saytına göndərilir".