SOSİUM

12 Mart

Özəl bağçaların koronavirus təhlükəsi – bu, təkcə sağlamlıq qorxusu deyil - ARAŞDIRMA

Koronavirus təhlükəsinin ölkəmizdə yayılması bir çox sferalara öz mənfi təsirini göstərdi. İlk zərbə əlbəttə ki, təhsil sisteminə dəydi.

Fins.az xəbər verir ki, martın 3-dən 27-sinə kimi elan edilmiş məcburi tətil bağçalardan ali məktəblərə qədər bütün təhsil, təlib-tərbiyə ocaqlarına şamil edildi. Bu qərar özəl sektor üçün də məcburidir.

Lakin dövlət təhsil ocaqlarından fərqli olaraq, özəl sektor üçün bu qərar təkcə təhsilin yarımçıq qalması baxımından deyil, həm də maddi səbəblərə görə zərbə oldu. Bu zərbə özünü daha çox özəl uşaq bağçalarında göstərdi. Çünki özəl məktəblərdə və universitetlərdə təhsil haqqı illik olaraq hesablandığı halda, bağçalarda bu, adətən aylıq şəklində olur. Təbii olaraq, övladı bir ay ərzində bağçaya getməyən valideynlər mart ayı üçün ödəniş etməkdən imtina edəcəklər. Bu da özünü yeganə gəlir mənbəyi ödəniş haqqı olan bağçanın maliyyələşməsində ciddi şəkildə göstərəcək.

Bağçalar da müvafiq olaraq bu ay üçün ərzaq alışı etməkdən imtina etməklə, kommunal ödənişlərin daha az ödənişi ilə (iş olmadığı üçün kommunal xərclər az olacaq) qənaətlər edəcəklər. Lakin təbii ki, bu hələ hamısı deyil!

Özəl bağçalar açıq şəkildə etiraf etməsələr də, çoxuna məlumdur ki, onlar bu ay üçün əməkdaşlarına əmək haqqı verməkdən imtina ediblər. Bu, maliyyə baxımından başadüşülən olsa da, əmək məcəlləsinin pozuntusu deməkdir.

Məsələ ilə bağlı fikir bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, Azərbaycanın Əmək Məcəlləsində məhz indi yaranmış vəziyyət kimi hallarla bağlı normalar yoxdur:

"Məcəlləmiz Rusiyada 30 il əvvəl qəbul olunmuş, indi artıq qüvvədə olmayan sənəddən köçürmədir. İndiyədək ona 300-dən artıq dəyişiklik olunub. Buna görə də müasir dövr üçün aktual olan hallarla bağlı müddəalar yoxdur. Amma buna baxmayaraq, Məcəllədə işçinin təqsiri olmayan hallarda yaranan boşdayanmalara görə əməyin ödənilməsi məsələləri tənzimlənir. Orada göstərilir ki, boşdayanma işçinin günahı üzündən yaranmayıbsa, yaxud işəgötürənin günahı ucbatından yaranıbsa, bu zaman işçiyə vəzifə-taarif maaşının üçdə ikisi miqdarında əmək haqqı ödənməlidir. Lakin bu qaydanın hansı müddətə boşdayanmanı əhatə etdiyi tənzimlənmir”.

Tuncay Türbəndəzadə