SOSİUM

03 Mart

Bakının mərkəzində liftlə işləyən parkinqlər tikilə bilər - VİDEO

Bakının mərkəzində avtomobil sıxlığını, xüsusilə də parkinq yerlərinin defisitini aradan qaldırmaq üçün "Nabukko" MMC şirkəti yeni növ parkinqlərin yaradılmasını təklif edib.

Fins.az-ın məlumatına görə, bu barədə FED.az-a şirkətin rəhbəri Kamaləddin Mənsimov bildirib.

O deyib ki, yeni parkinqlər şəhərdə nəqliyyatın sıx olduğu və parkinqlə bağlı problemlər yaranan ərazilər üçün xüsusilə keçərlidir.

Söhbət xüsusi konstruksiyalı, avtomatik qaldırıcı funksiyası (lift kimi işləyən) olan parkinqlərin yaradılmasından gedir.

Belə parkinqlərin üstünlüyü onların daha az yer tutmasındadır. Belə ki, parkinqə daxil olan avtomobillər liftlə qaldırılaraq üst-üstə yerlərdə saxlandığına görə belə qurğu üçün böyük ərazi tələb olunmur.

Məsələn, 5 mərtəbəli parkinqin inşa edilməsi üçün eni 6 metr, uzunluğu isə 36 metr olan torpaq sahəsinin olması kifayətdir. Mərtəbələrin hündürlyü 2,2 metr, hər avtomobil yerinin uzunluğu 6 metr, eni isə 3 metrdən hesablananda belə parkinqə 60 avtomobil toplamaq mümkündür.

K.Mənsimov bildirib ki, tikinti işləri aparılmasa da, belə parkinqlərin tikintisi ucuz başa gəlmir:

"Belə parkinqlərdə bir avtomobil yerinin inşası təqribən 6 min dollara və ya 10-11 min manata başa gəlir".

Ona görə də onların biznes məqsədilə inşa edilməsi o qədər də sərfəli deyil. Belə qurğular adətən qonaqları çox olan obyektlər, biznes mərkəzləri, şadlıq evləri və sair  üçün əlverişlidir.