SOSİUM

17 Dekabr

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar iki növ müavinəti eyni vaxtda alacaqlar

Prezident İlham Əliyevin dekabrın 16-da təsdiqlədiyi yeni qanunlar Azərbaycanda vətəndaş rifahının təminatı, eyni zamanda, həssas qruplara yönələn dövlət qayğısının artırılması sahəsində atılan ardıcıl addımların uğurla davam etdirilməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun sosial müavinətlər sisteminin daha da təkmilləşdirilməsinə yönəlməklə, həssas qruplardan olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ailə başçısını itirmiş ailələrin etibarlı sosial təminat sistemi ilə təmin edilməsində daha bir mühüm addımdır.

Nazirlikdən bildirilib ki, qanunda dəyişikliklərdən biri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların ailə başçısını itirdikdə bununla əlaqədar olaraq sosial təminat növünə yaranan hüququnun, onların maraq və mənafeyinin tam təmin edilməsini nəzərdə tutur.

Belə ki, mövcud qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq ailə başçısını itirdikdə, yaxud ailə başçısını itirmiş uşaq sağlamlıq imkanları məhdud hesab edildikdə iki müavinət növündən (yəni sağlamlıq imkanları məhdudluğa, yaxud ailə başçısını itirməyə görə müavinət növlərindən) birini seçə bilər. Qanuna yeni dəyişiklik isə həmin uşaqlar üçün bu məhdudiyyəti aradan qaldırır. Onlar müvafiq hallarda hər iki növ müavinəti eyni vaxtda ala biləcəklər. Bu da həmin uşaqların sosial müdafiəsinin gücləndirilməsində mühüm önəm kəsb edir.

“Sosial müavinətlər haqqında” qanunda əsas dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Belə ki, bəzi hallarda ailəyə hesablanmış ailə başçısını itirməyə görə əmək pensiyasının adambaşına düşən aylıq məbləği ailə başçısını itirməyə görə aylıq sosial müavinətin məbləğindən aşağı olur. Lakin buna baxmayaraq, qanun əmək pensiyası hüququ yarandığı üçün yalnız pensiyanı almağa icazə verirdi. “Sosial müavinətlər haqqında” Qanunda yeni dəyişiklik nəticəsində belə hallarda ailənin maddi durumunun yaxşılaşması məqsədilə bundan sonra ailəyə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət seçmək hüququ veriləcək. Yəni ailə başçısını itirmiş ailə onun üçün nəzərdə tutulan sosial təminat növlərindən hansı (pensiya və ya müavinət) daha çox məbləğdədirsə, onu seçəcək. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik də ailə başçısını itirmiş ailəyə bu seçim hüququnu verir.

Qanunda əsas dəyişikliklərdən biri də yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinin artması nəticəsində yaşa görə əmək pensiyası və sosial müavinət almaq hüququ verən yaşlar arasında yaranmış ciddi uyğunsuzluğun aradan qaldırılmasına yönəlib. Belə ki, dəyişiklik yaşa görə müavinət hüququ yaranan yaş həddinin pensiya yaşı həddi ilə eyniləşdirilməsini nəzərdə tutur.

“Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”Azərbaycan Respublikasının Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manata çatdırılıb. Bu da ölkədə aztəminatlı ailələrə hesablanan sosial yardımın və nəticədə onlara yönələn dövlətin qayğısının daha da artırılmasına imkan verir. Qeyd edək ki, ötən dövrdə ölkəmizdə ehtiyac meyarının həddinin 5,3 dəfə artırılması təmin edilib ki, bu da aztəminatlı ailələrin sosial müdafiəsinin ildən-ilə gücləndirilməsinə xidmət edib.