"Gələn il beynəlxalq təcrübədən çıxış edərək sosial xidmətlərin səyyar formada göstərilməsini təkmilləşdirilmək və yeni modelin tətbiqinə başlamaq istəyirik".
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanın əksər bölgələrində müxtəlif sosial layihələr həyata keçirilir: "Onlara təxminən 1500 şəxs cəlb olunub. İl ərzində 10 mindən çox vətəndaşa sosial sifariş vasitəsilə xidmət göstərilir. Dekabrın 2-də ölkə başçısı sosial infrastrukturun təkmilləşdirilməsi üçün əlavə vəsait ayırıb. Bu bizə bir daha imkan verəcək ki, sosial layihələrin əhatə dairəsini daha da genişləndirək. Eyni zamanda sosial infrastrukturu da gücləndirək".
Nazir müavini qeyd edib ki, sosial müəssisələr vasitəsilə il ərzində təxminən 15 min vətəndaşa stasionar xidmət göstərilir: "Eyni zamanda sosial müəssisələrdə 1000-dən artıq sağlamlıq imkanları məhdud və ahıl vətəndaş var. Düşünürük ki, bir çox xidmətlərimiz özündə səyyar xidmətləri ehtiva edir. Bu il sosial müavinətlərin məbləğində ciddi dəyişikliklər oldu. Bu ilin əvvəlində 14 növ müavinət, 7 növ prezident təqaüdü artırıldı. Əgər bu günə qədər bunun maliyyə yükü 400 milyon manata yaxın idisə, növbəti ildən bunun maliyyə yükü iki dəfə artırılaraq 800 milyon manata çatdırılacaq. Prezident İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsi üçün sosial paketlərin nəzərdən keçirilməsi ilə bağlı tapşırıq verib. Buna uyğun olaraq mütəmadi tədbirlər həyata keçirilir".
© Report