Siyasət

19 May

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Finss.az - Avropa İttifaqı Rusiyanın maliyyə sektorunu hədəf alan yeni sanksiyalar paketini hazırlayır.

Bu barədə Bloomberg agentliyi məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb.

Yeni sanksiyalar paketinin məqsədi Rusiyaya iqtisadi təzyiqləri artırmaqla prezident Vladimir Putini Ukrayna ilə sülh razılaşmasına getməyə məcbur etməkdir. Sanksiyalar yalnız Rusiya daxilindəki qurumlarla məhdudlaşmır – Aİ həmçinin Moskvanın fəaliyyətlərinə yardım edən üçüncü ölkə banklarına qarşı da tədbirlər nəzərdə tutur. Bu maliyyə institutlarının adları və yerləşdikləri yurisdiksiyalar hələlik açıqlanmır.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə günü Albaniyanın paytaxtı Tiranada keçirdiyi mətbuat konfransında bildirib ki, yeni paket həm də “Şimal axını” boru kəmərlərinə qarşı sanksiyalar, Rusiyanın neft ixracına tətbiq edilən qiymət tavanının azaldılması və “kölgə donanması”na məxsus gəmilərin siyahısının genişləndirilməsi ilə bağlı maddələri ehtiva edir.

“Biz sülh istəyirik və prezident Putini buna hazır olana qədər təzyiqi davam etdirməliyik,” – deyə fon der Leyen vurğulayıb.

Qeyd edək ki, bu həftənin əvvəlində Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyiblər. Sözügedən paket əsasən Rusiya neftinin daşınmasında istifadə edilən gəmi donanmasına və enerji sanksiyalarını dolanan fiziki və hüquqi şəxslərə yönəlib. Hər hansı yeni sanksiyanın qüvvəyə minməsi üçün Aİ-yə üzv olan 27 ölkənin yekdil razılığı tələb olunur.

Aİ bundan əvvəl də xarici banklara qarşı məhdudiyyətlər tətbiq etmişdi. 2025-ci ilin 24 fevralında qəbul olunmuş 16-cı sanksiyalar paketi çərçivəsində Aİ, Rusiyanın sanksiyalardan yayınmasına yardım edən xarici maliyyə institutları və kriptovalyuta şirkətlərinə qarşı hüquqi əsasları genişləndirmişdi.

Eyni zamanda Aİ, Rusiyanın Mərkəzi Bankı tərəfindən hazırlanmış SPFS adlı maliyyə mesajlaşma sistemindən istifadə edən xarici banklara əməliyyat aparmağı qadağan etmişdi. Artıq SPFS-dən istifadə etdiklərinə görə BelVEB və Belqazprombank (Belarus), eləcə də VTB-nin Şanxay filialı sanksiyalara məruz qalıb. Bununla belə, bu banklara bəzi əməliyyatlar üçün – məsələn, ixrac kreditlərinin ödənilməsi və ya Rusiyadakı biznesin bağlanması – Aİ ölkələrinin səlahiyyətli orqanlarının razılığı ilə icazə verilə bilər.

Yeni sanksiyalar paketinin yaxın həftələrdə Aİ tərəfindən rəsmi şəkildə təqdim olunması gözlənilir.