Finss.az - ABŞ Prezidenti Donald Trampın bəzi ölkələrə qarşı tətbiq edilən idxal rüsumlarını 90 gün müddətinə dayandırmaq qərarı Yaponiyada müsbət qarşılanıb.
Bu barədə Yaponiyanın xarici işlər naziri Yosimasa Hayashi Tokioda jurnalistlərə açıqlama verib.
“Trampın bu qərarını müsbət qiymətləndiririk,” – deyə Hayashi bildirib.
Nazir əlavə edib ki, Yaponiya ABŞ-ı polad və alüminium məhsullarına, eləcə də avtomobillər və onların ehtiyat hissələrinə tətbiq olunan cavab rüsumlarına və digər tarif tədbirlərinə yenidən baxmağa çağıracaq.
Qeyd edək ki, Prezident Tramp çərşənbə günü bəyan edib ki, bu məsələ ilə bağlı dialoq aparmaq istəyən 75-dən çox ölkəyə münasibətdə idxal tariflərinin qüvvədə qalma müddətini 90 gün müddətinə təxirə salıb. Bu müddət ərzində sözügedən ölkələr üçün tariflər 10% səviyyəsində saxlanılacaq.