Finss.az - Avropa Ticarət Nazirləri çərşənbə günü, ABŞ ilə ticarət mübarizəsinin daha da gərginləşməsi ilə bağlı təcili telefon danışığı keçirəcəklər.
Bu barədə Avropanın nüfuzlu nəşri Politico məlumat verib. Məlumata əsasən, görüşün əsas mövzusu, ABŞ prezidenti Donald Trampın administrasiyasının Avropa İttifaqından idxal edilən məhsullara tətbiq etdiyi gömrük rüsumlarına qarşı Avropanın verəcəyi cavabın sərtliyi olacaq.
Bir Avropa diplomatı bildirib: "Biz cavab verməliyik."
Bundan başqa, digər diplomatik mənbələr problemin danışıqlar yolu ilə həll edilməsinin daha üstün olduğunu vurğulayıblar. Avropa diplomatiyasının başqa bir nümayəndəsi isə həm cavab tədbirləri, həm də danışıqları əhatə edən yanaşmanın daha məqsədəuyğun olacağına inandığını qeyd edib.
Politico-nun yazdığına görə, Brüsselin ABŞ-ın tətbiq etdiyi gömrük rüsumlarına qarşı sərt cavabı, Amerika prezidenti Donald Trampı daha da qəzəbləndirəcək. Həmçinin, sərt cavabın olmaması isə Trampı daha da irəliləməyə təhrik edə bilər.
Bu vəziyyət Avropa və ABŞ arasında ticarət münasibətlərinin gələcəyini müəyyənləşdirəcək mühüm bir mərhələ olaraq qiymətləndirilir.