İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında sənayeləşmə siyasəti mühüm yer tutur. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infrastrukturun yaradılması sürətlə davam etdirilir.
Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında təqdirəlayiq işlər görülür, bölgədə iqtisadi fəallığın təməli qoyulur. Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Prezident fərmanında qeyd olunduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması adıçəkilən sənaye zonasının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir.
Eyni zamanda, parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əks istiqamətə, eləcə də, Rusiyaya yüklərin daşınmasına imkan verəcək.
200 hektar ərazini əhatə edən parkın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamlarının marağına səbəb olub. Bunun nəticəsidir ki, ötən müddətdə burada iş görmək arzusunda olan 5 sahibkarlıq subyekti rezident, 1-i isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək sənaye parkının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən investisiya dəyəri 32,7 milyon manatdan çox olan layihələr təqdim olunub. Bu layihələrin reallaşdırılması ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 420 nəfərdən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bu il iyunun 17-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı olub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iştirak edərək parkın ərazisində yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Burada işğaldan azad edilmiş ərazilərimizdə istifadə olunan 1500-dək nəqliyyat vasitəsinə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Servis mərkəzində texniki xidmət bloku, təmir emalatxanası, gözləmə zalı, tədris otağı, anbar, portal tipli avtoyuma məntəqəsi və xidməti otaqlar yaradılıb. Texniki təmir emalatxanasında mühərriklərin və digər aqreqatların, elektrik avadanlıqlarının, pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxiliyanma mühərriklərinin yuyulması məntəqəsi fəaliyyət göstərəcək. Bütövlükdə isə ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin inşasına artıq 9,4 milyon manatdan çox vəsait xərclənib.
Hazırda ölkəmizdəki digər sənaye parklarında olduğu kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, parkın rezidentləri dövlət vəsaiti hesabına qaz, işıq, su, kanalizasiya, daxili avtomobil və dəmir yolları, fiber-optik və s. hazır infrastrukturla təmin edilir. Bununla yanaşı, parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra vergilərdən, o cümlədən istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən, eləcə də gömrük rüsumlarından azad olunurlar.
Yeri gəlmişkən, bu il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin tikintisi ilə tanış olmaqla yanaşı, “Holcim Azərbaycan” ASC-nin, “Az-Tex-Import” MMC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” MMC-nin də təməllərini qoyub.
Xatırladaq ki, sənaye parkının 5 hektar ərazisində “Holcim Azərbaycan” ASC tərəfindən müasir texnologiyalar əsasında əmtəə beton və quru yapışdırıcı istehsalı üzrə zavod inşa olunacaq. Bununla yanaşı, ərazidə sement satışı üçün terminal da qurulacaq. Ümumi investisiya dəyəri 3,74 milyon manat olan müəssisədə Avropanın qabaqcıl texnologiyalarından istifadə ediləcək.
Parkın digər rezidenti “Az-Tex-Import” MMC tərəfindən 2 hektar ərazidə investisiya həcmi 3,8 milyon manatdan çox olan yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi və daha sonrakı mərhələdə 5 tona qədər yüngül tonnajlı yük avtomobillərinin yığımı nəzərdə tutulur. İtaliya texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
“İmprotex Qarabağ Sənaye Kompleksi” MMC tərəfindən isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 hektarlıq ərazisində dəyəri 7,4 milyon manat olan layihə çərçivəsində mərhələli şəkildə xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı nəzərdə tutulur. Müəssisədə ildə 100 ədəd mexaniki minatəmizləyən, 100 ədəd yanğınsöndürən və 300 ədəd tentli yarımqoşqu istehsal olunacaq. İstehsal edilən məhsulların daxili bazarda satılması ilə yanaşı, Xəzəryanı və Şərqi Avropa ölkələrinə ixracı da planlaşdırılır.
Göründüyü kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında reallaşdırılacaq layihələr bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına və yerli istehsalın inkişafına böyük təkan verəcək. Eyni zamanda, parkın ərazisində çoxsaylı iş yerləri açılacaq ki, bu da ölkə üzrə məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.
© Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”