Finss.az - Aqrar Sığorta Fondu yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edib
Azərbaycanda dövlət dəstəyi ilə uğurla təqdim olunan aqrar sığorta mexanizmi təsərrüfatları və əkin sahələrini bütün əsas risklərdən qoruyur.
Aqrar Sığorta Fondunun əhatə etdiyi risklərin sırasına dolu, fırtına-qasırğa, sel-subasma, şaxtavurma, normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair aiddir.
Aqrar sığorta tərəfindən təminata götürülən risklərdən biri də yanğın hadisələridir. Aqrar Sığorta Fondunun fəaliyyət göstərdiyi 2020-2024-cü illər ərzində yanğın riski üzrə fermerlərə təqribən 29 min manatlıq sığorta ödənişi həyata keçirilib.
Fondun məlumatına görə, 2020-2024-cü illər ərzində 16 rayondan olan sığortalı fermerlər tərəfindən yanğın hadisəsi üzrə 21 müraciət daxil olub.
Aqrar Sığorta Fondu tərəfindən bu müraciətlərin araşdırılması zamanı 16 hadisə üzrə əkin sahəsinə zərər dəydiyi müayyən edilib.
Sığorta ödənişləri hesablandıqda bəzi sahələr üzrə dəymiş zərərlərin azadolma məbləğindən daha az olduğu dəqiqləşib. Nəticədə azadolma məbləğləri çıxılmaqla fermerlərə 28 762 manat sığorta ödənişi edilib.
Yanğına görə ən çox sığorta ödənişləri Ağcabədi, Qusar, Biləsuvar, Şabran, Neftçala, Ağsu və İsmayıllı rayonlarında həyata keçirilib.
Xatırladaq ki, aqrar sığortada dövlət dəstəyi var. Fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir, nəticədə fermerlər cüzi ödəniş etməklə təsərrüfatlarını sığorta edə bilirlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.