SIĞORTA

07 İyul

İcbari Sığorta Bürosu yeni platformasını istifadəyə verdi

Finss.az - Xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üçün sərhəd sığorta müqavilələrinin rəsmiləşdirilməsini asanlaşdırmaq məqsədilə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı tərəfindən yeni www.tpl.az onlayn platforması istifadəyə verilib.

Yeni sistemin yaradılmasında məqsəd  sərhəd-keçid məntəqələrində yerində sığortalama ilə bağlı yaranan gecikmələrin və sıxlığın qarşısını almaq, eləcə də xidməti daha əlçatan və operativ şəkildə təqdim etməkdir.

Yeni sistem istifadəçilərə  sərhəd sığorta müqaviləsini Azərbaycan Respublikasına daxil olmazdan əvvəl onlayn şəkildə əldə etməyə imkan yaradır. Bunun üçün istifadəçi platforma üzərindən zəruri məlumatları daxil edir, sığorta şirkətləri arasından seçim edir və elektron qaydada ödənişi həyata keçirir.

Platformanın əsas üstünlükləri:

  • Sürətli və rahat onlayn rəsmiləşdirmə imkanı;
  • İstifadəçinin rahatlığına uyğunlaşdırılmış funksionallıq
  • Sığorta şirkətləri arasında seçim imkanı;
  • Müqavilənin real vaxt rejimində yoxlanılması.

Yeni platformanın fəaliyyəti ilə bağlı xarici vətəndaşların maarifləndirilməsi istiqamətində işlərə başlanılıb.

Platforma Azərbaycan qanunvericiliyinə uyğun olaraq hazırlanıb və ölkənin rəqəmsal transformasiya siyasətinə töhfə verməklə xidmət keyfiyyətinin yüksəldilməsinə yönəlib.