Finss.az - Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentliyin) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı 165-dən 192-yə qədər artırılıb.
Qeyd edək ki, özəl tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Balakən, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Saatlı, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var.
Sözügedən tibb müəssisələrinin 70 %-i Bakının, 30 %-i isə digər bölgələrin payına düşür.
Ötən il ərzində göndəriş alan vətəndaşlara özəl tibb müəssisələrində icbari tibbi sığorta ilə 211 105 tibbi xidmət göstərilib. Bu xidmətlərin 3394-dən uşaqlar, 207 711-dən isə böyüklər yararlanıb. Sözügedən xidmətlər əsasən invaziv radiologiya, oftalmologiya və ürək-damar cərrahiyyəsi üzrə sahələri əhatə edib.
Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur. Göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.
Vətəndaş təcili və təxirəsalınmaz hallarda isə icbari tibbi sığorta hesabına göstərilən tibbi xidmətlər üçün özəl tibb müəssisələrindən birinə birbaşa müraciət edə bilər. Bu halda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlər üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Xidmətlər Zərfində müəyyən edilmiş tariflərə uyğun olaraq xəstəxanaya ödəniş edir.
Qeyd edək ki, göndərişin etibarlılıq müddəti 10 iş günüdür.
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (//its.gov.az/page) yerləşdirilib. Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir.

Zemfira Ms
Finss.az