"SP Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın sığorta sektoru üzrə risk qiymətləndirməsini (“Sığorta Sənayesi və Ölkə Risk Qiymətləndirmələri” - IICRA) növbəti dəfə dəyişməz saxlayıb.
Finss.az bu barədə reytinq agentliyinə istinadən xəbər verir ki, "SP" sonuncu dəfə 2022-ci ilin aprel ayında yayımlanan hesabatda Azərbaycanın əmlak və qeyri-həyat sığortası (P/C) sektoru üzrə risk qiymətləndirməsi aparıb. Bu qiymətləndirməyə görə, ölkə riski "Yüksək", sektor üzrə risk "Orta səviyyədən yüksək", ümumi IICRA qiymətləndirməsi isə "Yüksək" olaraq müəyyən edilib. Başqa sözlə, Azərbaycanın sığorta sektoru 1-dən 6-ya qədər olan qiymətləndirmə üzrə 5-ci pillədə yer alıb.
Bu qiymətləndirmələr Azərbaycanın makroiqtisadi sabitliyindəki çağırışlar, yüksək riskli aktivlərə məruz qalma və məhdud sığorta məhsulları kimi amillərlə əlaqələndirilir.
Qeyd edək ki, "SP"-nin IICRA qiymətləndirməsi 47 ölkədən 96 sığorta sektoru və 4 qlobal sektor üzrə risk qiymətləndirmələrini əhatə edir. IICRA sığorta şirkətlərinin qarşılaşdığı riskləri iki əsas kateqoriyada təhlil edir:
- Ölkə riski: Makroiqtisadi sabitlik, siyasi risklər, hüquqi və tənzimləyici mühit, valyuta sabitliyi və kapital bazarlarının inkişaf səviyyəsi kimi amilləri əhatə edir.
- Sənaye riski: Sığorta sektorunun mənfəətliliyi, rəqabət səviyyəsi, məhsul riskləri, bazar böyümə perspektivləri və institusional çərçivə kimi faktorları qiymətləndirir.
Fuad Mədətov
Finss.az