Finss.az - Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.
ASA-nın məlumatına görə, Türkiyənin ölkəmizdəki səfirliyində baş tutan görüşdə ASA-nın İcraçı direktoru Elmar Mirsalayev 18 Mart Çanaqqala Zəfəri və Şəhidləri Anma Günü münasibətilə Türkiyənin ölkəmizdəki səfirinə öz səmimi diləklərini bildirib və Azərbaycan-Türkiyə arasında zənginə tarixə malik qarşılıqlı tərəfdaşlıq və qardaşlıq münasibətlərindən danışıb.
E.Mirsalayev iki ölkə arasında sığorta sahəsində məhz ASA-nın təşəbbüsü ilə ilk dəfə 2020-ci ildə qurulan və bu gün də məhsuldar nəticələrlə davam edən qarşılıqlı əməkdaşlıq əlaqələrindən söz açıb. İcraçı direktor, həmçinin, məhz bu iki qardaş ölkənin sığorta birliklərinin birgə təşəbbüsü ilə qurulan Türk Dünyası Sığorta Birliyinin fəaliyyəti çərçivəsində görülən işlər haqqında da geniş məlumat verib.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün də öz növbəsində ölkəmizdə sığorta sektorunun inkişafı yönündə görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirdiyini bildirib. O, həmçinin, Türk Dünyası Sığorta Birliyinin türk dövlətləri arasında sığorta sahəsində sıx əməkdaşlığı və inkişafı təmin edən uğurlu bir qovşaq olaraq dəyərləndirdiyini vurğulayıb.
Görüşün yekununda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyi ilə Azərbaycanın sığorta sektoru arasında münasibətlərin yeni fazada daha sıx əsaslarla formalaşdırılması istiqamətində niyyət birliyi əldə olunub.

Zemfira Ms
Finss.az