SIĞORTA

25 Dekabr

Azərbaycanda həyat sığortasında yığımlar və ödənişlər artıb

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 545 milyon 607 min manata bərabər olub.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8% və ya 40 milyon 615 min manat çoxdur. 2023-cü ilin yanvar-noyabr aylarında həyat sığorta şirkətləri 504 milyon 992 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 92.9% təşkil edib.

Cari ilin 11 ayında həyatın yaşam sığortası üzrə ödənişlər 51.6% artaraq 443 milyon 470 min manata çatıb. Ötən ilin ilk 11 ayında bu sığorta növü üzrə ödənişlər 292 milyon 552 min manat təşkil edib.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

Fuad Mədətov
Fins.az