Bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətləri tərəfindən 163.7 milyon manat sığorta haqqı toplanıb.
Bu barədə Finss.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17.6% artıb.
Eyni zamanda, bu ilin yanvar ayında Azərbaycandakı sığorta şirkətləri tərəfindən 47.6 milyon manat sığorta ödənişi edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.8% artım deməkdir.
Hesabat dövründə həyat sığortası üzrə 61.9 milyon manat, qeyri-həyat sığortası üzrə isə 101.8 milyon manat sığorta haqqı yığılıb. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 37.5% və 8.1% artıb.
Eyni zamanda, bu ilin yanvar ayında həyat sığortası üzrə 29.5 milyon manat, qeyri-həyat sığortası üzrə isə 18.1 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətdə müvafiq olaraq 35.4% və 6.7% artım deməkdir.
Bundan başqa, 2025-ci ilin yanvar ayında avtonəqliyyat sığortası üzrə 18.7 milyon manat sığorta haqqı toplanıb. Bunlardan 5.9 milyon manatı könüllü, 12.8 milyon manatı isə icbari sığorta haqlarına aiddir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sığorta üzrə yığımlar 8.8% artıb.
Həmçinin hesabat dövrü ərzində avtonəqliyyat sığortası üzrə sığorta ödənişlərinin həcmi 11.9 milyon manat olub ki, bu da ötən ilin yanvarındakı göstəriciyə nisbətən 25.4% artım deməkdir. Dövr ərzində ödənilən sığorta haqlarının 2.4 milyon manatı könüllü, 9.5 milyon manatı isə icbari sığorta ödənişlərinə aiddir.
Qeyd edək ki, Azərbaycanda 16 sığorta şirkəti fəaliyyət göstərir.
Fuad Mədətov
Finss.az