SIĞORTA

27 Noyabr

Çex Respublikasının Səhiyyə Nazirliyi ilə memorandum imzalanıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 24-28 noyabr tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində işgüzar səfərdədir.

Fins.az xəbər verir ki, səfərin məqsədi icbari tibbi sığorta sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, qabaqcıl təcrübələri öyrənmək, sistemin daha da təkmilləşdirilməsinə töhfə verməkdir.

Səfər çərçivəsində Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev ilə Çex Respublikasının Baş nazirinin müavini, eyni zamanda Səhiyyə Naziri Vlastimil Valek Agentlik və Çex Respublikasının Səhiyyə Nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumunu imzalayıblar.

Tədbirdə Azərbaycan Respublikasının Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Adış Məmmədov da iştirak edib.

Memorandumun məqsədi Agentlik ilə Çex Respublikasının Səhiyyə Nazirliyi arasında icbari tibbi sığorta sahəsində ikitərəfli əməkdaşlığı gücləndirmək, qarşılıqlı maraq doğuran sahələrdə təcrübə və məlumat mübadiləsi aparmaq, habelə birgə layihələr və fəaliyyətlər vasitəsilə hər iki ölkənin səhiyyə sistemlərinin inkişafına töhfə verməkdir.

Eyni zamanda nümayəndə heyəti nazirliyin qanunvericilik və hüquq üzrə baş direktoru Radek Policar ilə görüş keçirərək əməkdaşlıq perspektivlərini və səhiyyə sahəsində müvafiq mövzuları müzakirə edib. Nazirliyin nümayəndəsi Tomas Tvarozek Çex Respublikasının tibbi sığorta sistemi barədə ətraflı məlumat verərək sistemin əsas prinsiplərini, beynəlxalq və Avropa qanunvericiliyi ilə əlaqələrini, sığortahaqları, sığortaolunanların hüquq və vəzifələrini, tibbi xidmətlərin maliyyələşdirilməsi prinsiplərini Azərbaycan nümayəndə heyəti ilə bölüşüb.

Çex Respublikasının Səhiyyə Məlumat və Statistika İnstitutunun nümayəndəsi Ondrej Majek tərəfindən “Onkoloji Skrininq Proqramları” mövzusunda mühazirə təqdim edilib. Bu mühazirədə onkoloji xəstəliklərin erkən aşkar olunması, skrininq proqramlarının rolu və tətbiqi metodologiyaları ətrafında geniş müzakirələr aparılıb. Nümayəndə heyəti Motol Xəstəxanasını və IKEM (Klinik və Eksperimental Tibb İnstitutu) Xəstəxanasını ziyarət edib. Burada Təcili tibbi yardım şöbəsinin işi ilə tanış olunub, tibb müəssisələrində yüksək texnologiyalı tibbi xidmətlərin təşkili, idarəetmə modelləri və qabaqcıl tibbi avadanlıqlarla təmin olunma prosesinin müzakirəsi aparılıb.

Zemfira Ms
Fins.az