SIĞORTA

08 Oktyabr

Tibbi sığorta sistemi necə təkmilləşdirilə bilər? - Emil Ağabağırov

İcbari tibbi sığorta sistemi, vətəndaşların tibbi xidmətlərdən istifadəsini təmin etmək məqsədi daşıyan mühüm bir addımdır. Lakin bu sistemin inkişafında bəzi çətinliklər qarşıya çıxır ki, bu da vətəndaşların keyfiyyətli tibbi xidmətlərə çıxışını məhdudlaşdıra bilər.

Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırovun Fins.az-a verdiyi açıqlamsında, icbari tibbi sığorta sisteminin ən ciddi problemlərindən biri uzun növbələrdir.

Onun sözlərinə görə, müraciət edənlərin sayının artması ilə növbələr daha da uzanır, bu da vətəndaşların tibbi yardım alma imkanlarını məhdudlaşdırır.

E.Ağabağırov həmçinin qeyd edib ki, icbari tibbi sığorta çərçivəsində insanlar yalnız qeydiyyatda olduqları tibb məntəqələrinə yönləndirilir və xidmətlərin keyfiyyəti çox zaman məhdud olur:

"Bu, vətəndaşlara tibbi xidmətlərdə geniş seçim imkanı vermir. Könüllü tibbi sığorta isə vətəndaşlara daha geniş seçim və xidmət imkanları təqdim edir. Bu sistemdə stomatoloji xidmətlər və dərman preparatlarının geniş təminatı kimi üstünlüklər mövcuddur".

Sığorta eksperti onu da vurğulayıb ki, sistemin səmərəliliyini artırmaq üçün əlavə tədbirlərin görülməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması zəruridir:

"Gələcəkdə icbari tibbi sığorta sistemindəki bu problemlərin həlli, vətəndaşların daha keyfiyyətli tibbi xidmətlərdən istifadə edə bilməsi üçün vacibdir".

Fuad Mədətov
Fins.az