SIĞORTA

25 İyun

PAŞA Sığorta Beynəlxalq Sığorta Forumunun qızıl sponsoru oldu!

2008-ci ildən etibarən ölkəmizdə keçirilən və pandemiya səbəbindən bir neçə ildir ki, təxirə salınan Beynəlxalq Sığorta Forumu bu il yenidən həyata keçirildi. Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfdaşlığı, ASA və “Xprimm Events” şirkətinin təşkilatçılığı, PAŞA Sığortanın baş sponsorluğu ilə keçirilən forumda 250-dən artıq yerli və xarici sığorta nümayəndələri iştirak edib.

Fins.az xəbər verir ki, 20-21 iyun tarixlərində baş tutan forumda AR Mərkəzi Bankının sədri Taleh Kazımov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, PAŞA Sığorta İdarə Heyətinin sədri, eyni zamanda ASA Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova öz açılış nitqləri ilə forum iştirakçılarını salamlayıblar.

İki gün davam edən forumda Almaniya, Rumıniya, Fransa, Türkiyə, Rusiya, Makedoniya və digər ölkələrdən dəvət olunmuş sığorta mütəxəssisləri öz təcrübələrini, araşdırmalarını forum iştirakçıları ilə paylaşıblar.

Forumda Azərbaycan sığorta bazarının mövcud vəziyyəti,  gələcəyin sığorta perspektivləri,  iqlim dəyişikliyinin sığorta sektoruna təsiri, bank sığortaçılığı, sağlamlıq və avtomobil sığorta növləri barədə geniş müzakirələr aparılıb.

Pandemiya sonra sağlamlıq sığortası panelində çıxış edən PAŞA Sığorta Tibbi Agile komandasının inzibatçısı Murad Məmmədzadə öz çıxışında qeyd edib ki: “Bu gün deyə bilərik ki, rəqəmsal optimallaşdırma və ya rəqəmsallaşma müştərilər üçün qənaətbəxş nəticələr yaradır, lakin bir neçə ildən sonra rəqəmsallaşdırmanın olmaması və ya yaxşı rəqəmsal həll müştərilərin narazılığına səbəb olacaq. Buna görə də inanıram ki, bu təkamül prosesidir və onu uyğunlaşdırmaq fikrində olmayan hər kəs gec-tez oyundan kənarda qalacaq”.

Avtomobil sığortası – texnologiyaya əsaslanan dəyişikliklər panelində çıxış edən PAŞA Sığorta şirkəti Avtomobil və Rəqəmsal Sığorta sahəsinin rəhbəri Adil Bəkirov: “Bizim rəqəmsal strategiyamız 2 əsas hissədən ibarətdir. Birincisi müştərilərə təqdim etdiyimiz xidmətin rəqəmsallaşması, digəri isə daxili proseslərimizin tam rəqəmsallaşmasıdır”. – deyə bildirib.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “SP Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən biridir.

Fuad Mədətov
Fins.az