SIĞORTA

24 May

İşsizlikdən sığorta fondunda sığorta haqları üzrə artım investisiyaya yönəldiləcək

İşsizlikdən sığorta fondunda gəlirlərinin tərkib hissəsi olan işsizlikdən sığorta haqları üzrə daxilolmalarda 4,7 milyonluq artımın xərclərdə niyə əks olunmaması ilə bağlı suallar oldu.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Mustafa Abbasbəyli bildirib ki, İşsizlikdən sığorta fondunun 7-8 xərc istiqaməti var: “İşsizlikdən sığortanın artımı yalnız qanunla tənzimlənir, ona görə biz o hissələrə toxuna bilmirik. İnanırıq ki, bu il işsizlik sığorta sahəsində həm də gəlir baxımından artımlar olacaq. Özünəməşğulluq məsələləri isə layihə məqsədlidir və kifayət qədər zaman tələb edir. Artımın sentyabra təsadüf etməsi gözlənilir. O nöqteyi-nəzərdən qanun layihəsi keçəndən sonra onun işsizlikdən sığortaya və ya özünməşğulluğa yönləndirməsi alınmayacaq. Ona görə düşündük ki, bu məbləği investisiyaya yönəldək. Gələcəkdə bu vəsaitləri işsiz şəxslərə yönəldə bilərik”.

O qeyd edib ki, hazırda məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerlərinin yaradılması layihələri hökumətdə müzakirədən keçib: “Bu maddələr qanunda olsa da, işlək mexanizm yoxdur. Növbəti hazırladığımız layihələrdə məqsədli proqramlar çərçivəsində istənilən müəssisələrin əlavə dövlət dəstəyi ilə həssas kateqoriyaya aid insanların işlə təmin olunmasına nail olacağıq. Sosial müəssisələrin yaradılması üçün də biz daha işlək mexanizmə keçəcəyik. Kvotadan artıq iş yerləri də dövlətin dəstəyi ilə açılacaq”

Qeyd edək ki, deputat Soltan Məmmədov İşsizlikdən sığorta fondunun gəlirlərinin tərkib hissəsi olan işsizlikdən sığorta haqları üzrə daxilolmalara dair proqnozun 4,7 milyon manat artırıldığını diqqətə çatdırıb və bu vəsaitin hansı istiqamətdə sərf ediləcəyi ilə maraqlanıb.