SIĞORTA

22 May

AMB sığortaçılara qarşı yeni requlyativ tələblər müəyyən edib - Ziya Əliyev

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunun təminat verdiyi katastrofik risklərin düzgün tənzimlənməsi üçün bir neçə ay öncə sığortaçılara qarşı yeni requlyativ tələblər müəyyən edib.

Fins.az xəbər verir ki, bunu AMB-nin Baş direktoru, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Ziya Əliyev Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.

Onun sözlərinə görə, tələblərə görə sığortaçılar son 250 il üzrə zəlzələ riskləri üzrə maksimal zərər ehtimalını qiymətləndirməli, müəyyən olunmuş məbləğin məcmu kapitalın 20%-ini aşan hissəni təkrasığortaya ötürməlidirlər və bununla yanaşı, sığortaçıların götürdükləri bu risklərə görə əlavə ehtiyat yaratmaq tələbi də gətirilib:

"Son 15 ildə ölkəmizdə dağıdıcı təsirə, böyük zərərlərə səbəb olan 3 təbii hadisə baş verib. 2009-cu ildə Kür-Araz çaylarının daşması, 2012-ci ildə Zaqatala və ətraf rayonlarda zəlzələ, 2019-u ildə Şamaxı və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində əhali ümumilikdə 1 milyard manata yaxın zərərlə qarşılaşıb. Bu zərərlərin hamısı dövlət büdcəsindən qarşılanıb.

Katastrofik hallar zamanı yaranmış zərərlərın qarşılanmasına dövlətin maliyyə yükünün azaldılması üçün sığorta mexanizmlərinin inkişafı vacibdir. Bunun üçün sığorta təminatına alınacaq risklərin düzgün qiymətləndirilməsi də vacibdir. Bu baxımdan bu günki konfrans, T-rupt şirkəti ilə bərabər çalışmaq istədiyimiz projenin ölkə üçün əhəmiyyəti böyükdür.

Ölkəmizdə zəlzələ risklərinin qiymətləndirilməsi projesi bir sıra yerli qurumlarla, təcrübəli ekspertlərlə bərabər çalışmağımızı tələb edir. Zəlzələ ehtimalının ölçülməsi, dağıntı risklərinin qiymətləndirilməsi müvafiq risk amilləri ilə bağlı etibarlı məlumatların əldə edilməsini vacib edir. Ona görə də bir sıra əlaqədar yerli dövlət qurumlarının ölkəmiz üçün xüsusi əhəmiyyətə malik bu layihəyə yaxından dəstək vermələrini xahiş edirik".

Fuad Mədətov
Fins.az