Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi kənd təsərrüfatına bir dinamizm, inkişaf gətirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi olan aqrar sığortaya inam getdikcə artır. Artıq fermerlərin və fərdi təsərrüfat sahiblərinin əsl dayağı, himayədarı olan bu mexanizm, həm də dövlət-özəl sektor tərəfdaşlığına mühüm töhfələr verir.
Fins.az xəbər verir ki, ötən il Aqrar Sığorta Fondu tərəfindən fermerlərə və fərdi təsərrüfat sahiblərinə 4 milyon 400 min manat məbləğində sığorta ödənişləri edilib. Bu isə 2022-ci illə müqayisədə 80 faiz çoxdur. Ümumi sığorta ödənişlərinin 3 milyon 500 min manatı bitkiçiliyin, 910 min manatı isə heyvandarlığın payına düşüb. Əvvəlki illə müqayisədə bitkiçilik və heyvandarlıq üzrə ödənişlər müvafiq olaraq 2 dəfə və 28 faiz artıb. Bu sahədə ödənişlərin sayının və məbləğinin ildən-ilə artması, həm aqrar sığorta sisteminin işləkliyini, həm də fermerlərin bu mexanizmə marağını göstərir.
Aqrar Sığorta Fondu təsərrüfatlarını sığorta etmiş fermerlərə müxtəlif hadisələr nəticəsində dəyən zərərlə bağlı sığorta ödənişlərini davam etdirir. Artıq Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində cari il üzrə sığorta ödənişlərinə başlanıb. Fondun məlumatına görə, bu ilin ilk rübündə ölkə üzrə 1,8 milyon manat sığorta ödənişləri həyata keçirilib.
Bugünlərdə isə Aqrar Sığorta Fondu tərəfindən İsmayıllı, Qusar və Şabran rayonlarında gilas və badam bağları, eləcə də kələm əkinlərinə dəyən zərərlərə görə fermerlərə sığorta ödənişləri edilib. Belə ki, İsmayıllı rayonunun Qalıncaq kəndində baş vermiş fırtına hadisəsi nəticəsində gilas bağlarına dəymiş zərərə görə iki fermerə, ümumilikdə, 41 min 965 manat məbləğində sığorta ödənişi təqdim edilib. Bununla yanaşı, Qusar rayonunun Gican kəndində sel-subasma hadisəsi nəticəsində kələm əkini sahəsinə dəymiş zərərə görə 1566 manat, Şabran rayonunun Pirəbədil kəndində donvurmanın təsirinə məruz qalmış badam bağına görə təsərrüfat sahibinə 1777 manat məbləğində sığorta ödənilib.
Bu ilin ötən dövründə bitkiçilik sahəsi üzrə ən böyük sığorta ödənişi isə Balakən rayonunda həyata keçirilib. Belə ki, rayonun Qazma kəndində sığortalı qarğıdalı sahəsi təbiətin şıltaqlığına məruz qaldığı üçün təsərrüfat sahibinə 89 min 799 manat sığorta ödənişi edilib. Ümumilikdə, rayondakı qarğıdalı sahələri dolu hadisəsindən ciddi zərər görən digər fermerlər aqrar sığortadan bəhrələniblər. Yeri gəlmişkən, qarğıdalı Aqrar Sığorta Fondu tərəfindən ən çox ödəniş həyata keçirilən bitkilərdəndir. Ötən müddətdə bu əkinlər üzrə 220 min manatdan artıq ödəniş edilib.
Bütövlükdə isə, Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə ödənişlər sürətlə artır. Bir qədər əvvəl gözlənilməz təbiət hadisələrinin təsirinə məruz qalmış üzüm, ərik və alça bağları üzrə də sığorta ödənişləri həyata keçirilib. Aqrar sığorta ödənişi alan fermerlər, sığorta mexanizminin işindən razı qalıb, bu dəstəyə görə dövlətə təşəkkür ediblər. Təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini bildirən sahibkarlar digər fermerləri də bu sərfəli imkandan istifadə edərək əkin sahələrini və meyvə bağlarını sığortalamağa çağırıblar.
Qeyd edək ki, aqrar sığorta mexanizmi vasitəsilə ölkədə 48 adda bitki və bitkiçilik məhsullarını, o cümlədən meyvə bağlarını və tərəvəz əkinlərini sığortalamaq mümkündür. Aqrar sığorta əkin sahələrini təbiət hadisələri – dolu, qasırğa-fırtına, sel-subasma, şaxtavurma, leysan, normadan artıq qar yağıntıları, 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur. Sığorta haqqının 50 faizini isə fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə, fermerlər cüzi məbləğ ödəməklə meyvə bağlarını və tərəvəz sahələrini sərfəli şərtlərlə sığorta etməklə əkin sahələrini çoxsaylı risklərdən qoruya bilirlər.
Ölkə fermerlərinin güvənc yeri olan aqrar sığorta vasitəsilə əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları da sığorta edilir. Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.